26.02.2020

Təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi anılıb

    Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılıb. Tədbirlərdə öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Fevralın 26-da Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Ağdam Rayon Təhsil Şöbəsinin müvafiq əmrinə əsasən tədris olunan ilk dərslər Xocalı soyqırımına həsr edilib.

   Keçirilən tədbirlərdə ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verən vətən övladlarının xatirəsi yad edilib, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissləri aşılanıb. 

    Məktəblərdə rəsm müsabiqələri keçirilib, divar qəzetləri hazırlanıb, video filmlərin nümayişləri təşkil edilib. Şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, ədəbi-bədii kompozisiyalarda ifadə ediblər.

    Qeyd edək ki, təhsil müəssisələrinin müəllim və şagird kollektivinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinə ziyarəti də təşkil olunub.


Açar sözlər: ,  ,  ,