03.02.2020

Ağdam rayon Təzəkənd məktəbi üçün quraşdırılan modul tipli məktəb binası istifadəyə verilib

  Ağdam rayon Təzəkənd məktəbi üçün quraşdırılan modul tipli məktəb binası istifadəyə verilib. Açılış mərasimində  Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova və RTŞ- nin əməkdaşları, müəllim, şagird və valideynlər iştirak ediblər.

    Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

    Məktəbin direktoru Soltan Abbasov çıxışında bildirib ki, Təzəkənd kənd tam orta məktəbinin 1987-ci ildə inşa edilmiş binası 1993-cü ildə Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində dağılmışdı. Məktəb binası 2003-cü ildə bərpa edilsə də, 2016-cı ilin Aprel döyüşləri zamanı qəzalı vəziyyətə düşmüşdü. Məktəb üçün modul tipli binanın qurularaq istifadəyə verilməsi valideynlərin, müəllimlərin və şagirdlərin böyük sevincinə səbəb olub.

   Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, yeni məktəb binaları inşa olunur, mövcud məktəblər təmir edilir və ya yenidən qurulur. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olan gənclərin sayı hər il artır.

   Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi Valeh Kərimov, Təzəkənd ərazi icra nümayəndəsi Qurban Tanrıverdiyev, bələdiyyə sədri Elşən Abbasov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdlərə xoş arzularını çatdırıblar.