12.11.2019

Nazir müavini Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil işçiləri ilə görüşüb

Noyabrın 12-də Zərdab rayonu Heydər Əliyev Mərkəzində Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.

Öncə qonaqlar ulu öndərin Heydər Əliyevin Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Tədbirdə Ağcabədi, Ağdam, Zərdab və Laçın rayonlarının təhsil şöbələrinin müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva hesabatları təhlil edərək öz münasibətini bildirib. Nazir müavini ölkə Prezidenti cənab  İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə və olimpiada uğurlarına toxunan nazir müavini bu nəticələrin daha da yaxşılaşdırılması üçün lazımi işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva  bildirib ki, hər bir bölgənin təhsilinin inkişafı üçün təkcə rayon, şəhər təhsil şöbə və idarələri deyil, həm də məktəb direktorları məsuliyyət daşıyır. Nazir müavini bölgələrin təhsil sahəsində əldə etdiyi uğurların, həmçinin göstərdiyi zəif nəticələrin hər zaman nazirliyin diqqətində olduğunu söyləyib. Məhəbbət Vəliyeva bildirib ki, zəif nəticələr təhlil edilir, səbəblər araşdırılaraq müvafiq tədbirlər görülür, yüksək nəticələr isə qiymətləndirilir.

Nazir müavini ümumi təhsil müəssisələrində sağlam, keyfiyyətli təhsil mühitinin təşkilinin vacibliyini vurğulayaraq bildirib ki, bunun üçün Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən risk qrupuna daxil olan şagirdlərlə ciddi məşğul olmaq lazımdır. Eyni zamanda Məhəbbət Vəliyeva qarşıda duran prioritet məsələlərlə bağlı işlərin davam etdirilməsinin önəminə diqqət çəkib.

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə tövsiyə və tapşırıqlarını verib, onlara uğurlar arzulayıb.

Sonra təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən müəllim və məktəb direktorları təltif edilib.


Açar sözlər: