02.11.2019

Ağdam rayon Evoğlu kənd tam orta məktəbin 90 illik yubileyi qeyd edilib 

    Ağdam rayon Evoğlu kənd tam orta məktəbin 90 illik yubileyi qeyd edilib. Tədbirdə Ağdam Rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova, rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, ziyalılar, məktəbin müəllim və şagirdləri, kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə məktəbin tarixindən, uğurlarından bəhs edən videoçarx nümayiş olunub. Məktəbin direktoru Ramil Mirzəyev çıxış edərək, 90 ildir fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan söhbət açıb. Bildirib ki, 1928-1929-cu tədris ilindən fəaliyyət göstərən təhsil müəssisəsində hazırda 191 şagirdin təlim-tərbiyəsi ilə 38 müəllim məşğul olur.
    R.Mirzəyev məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdıqlarını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmət göstərdiklərini qeyd edib. Bildirib ki, təmas xəttinə çox yaxın məsafədə yerləşməsinə baxmayaraq məktəbdə şagirdlərin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir. Məktəbin şagirdləri hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Bu tədris ilində imtahanda 640 bal toplayaraq ən yüksək nəticə göstərən Fidan Mirzəyeva Azərbaycan Tibb Universitetinə qəbul olunub.

   Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov tədbirdə çıxış edərək məktəbin kollektivini 90 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
   Tədbir bədii hissə ilə davam edib. Şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatı haqqında şeir və mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər.

 


Açar sözlər: ,  ,