16.03.2019

Rayon Təhsil Şöbəsində iclas keçirilib

    Martın 16-da Ağdam Rayon Təhsil Şöbəsində Təhsil Nazirliyinin “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda keçirdiyi müşavirədən irəli gələn vəzifələrlə bağlı iclas keçirilib.
    İclasda Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova, 10 saylı ƏMHM-nin nümayəndəsi Valeh Kərimov, Ağdam RTŞ-nin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova müşavirə ilə bağlı ətraflı məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsində qarşıda duran prioritet vəzifələr barədə geniş məruzə edib. Qeyd edib ki, şəxsiyyətin formalaşmasında və zəruri həyati bacarıqlara yiyələnməsində ümumi təhsilin müstəsna rolu var.  Təhsilin bu pilləsinə həmişə xüsusi diqqət göstərilib. Keyfiyyətin yüksəldilməsində isə təhsil müəssisələrinin idarə edilməsinin düzgün təşkili çox əhəmiyyətli məsələdir. Beləliklə, məktəb direktoru vəzifəsi səriştəli insanlara həvalə edilməlidir. Məktəbdəki uğur və çatışmazlıqlar direktorun kimliyi ilə birbaşa bağlıdır. Məktəbin fəaliyyətinin planlaşdırılması, fənlərin tədrisinin təhlili, gənc müəllimlərə qayğı, məktəb-valideyn əlaqələrinin gücləndirilməsi və istedadlı uşaqlarla işin keyfiyyətli təşkili əsas həfəflərdəndir. Məktəbdaxili nəzarət və ona rəhbərliyin həyata keçirilməsi, metodik işlərin səviyyəsinin yüksəldilməsi, təhsil şöbələrində şuraların və məktəb pedaqoji şuralarının fəaliyyətinin düzgün planlaşdırılması və nəticəyönümlü məqsədlərə uyğun təşkilinin əhəmiyyəti vurğulanıb. 

    Müşavirədə Təhsil naziri Ceyhun Bayramovun “Hər kəs özünə sual verməlidir: mən bu həftə nə iş görmüşəm?” fikri xüsusi olaraq vurğulanıb. Özünüqiymətləndirmə yolu ilə hər günün, həftənin uğurları təhsilin keyfiyyətli inkişafının nəticəsinə çevrilməsi, təhsil sahəsində hər kəsdən məqsədyönlü və hədəflərə istiqamətlənmiş məsuliyyətli fəaliyyətin tələb olunması tədbir iştirakçılkarının diqqətinə çatdırılıb.     

    İclasda rayonun ümumtəhsil məktəblərinin qarşısında duran vəzifələr müzakirə edilib və müəyyənləşdirilib.


Açar sözlər: ,